Əhməd Ağaoğlu və əsərləri

Posted: August 15, 2015 in E-Kitab, Şəxsiyyətlər
Tags: ,

Ahmet_Agaoglu

Əhməd bəy Ağayev (Ağaoğlu)  (1869-1939) XIX yüzilin sonlarından 1920-ci illərədək Azərbaycanda, sonra isə Türkiyədə siyasi və fikir həyatına yön verən şəxslərdən biridir. O, Şuşada, ata tərəfdən Qurdeli, ana tərəfdənSarıcalı boyuna bağlı ənənəvi bir ailədə doğulub. Məhəllə məktəbində və xüsusi müəllimlərdən dövrün ənənəvi təhsil sisteminin verdiyi biliklərə yiyələnmiş, anasının təşəbbüsü ilə həm də rus dilini öyrənmişdir. Yenə anasının təkidi ilə Şuşadakı rus orta məktəbinə, sonra isə real məktəbə (təbiət fənləri təmayüllü məktəbə) göndərilir. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəblər şəhərin erməni məhəlləsində yerləşirdi. 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir.Məktəb illərində gördüyü bu acılar bütün həyatı boyu onu izləmiş, onda haqsızlığa etiraz doğurmuşdur. Bu hisslərin yaranmasında bu dövrdə yayğın olan xalqçı (narodniçestvo) ədəbiyyatın da mühüm rolu olmuşdur. Politexnik institutunda oxumaq istəyi ilə Peterburqa gələn Əhməd bəy burada Qafqazdan olan 35-40 gənc arasında sonralar birlikdə çalışacaqları Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov (Topçubaşı) ilə rastlaşır. Bu vaxt gənclər arasında xalqçı əhval-ruhiyyə, rus ziyalılarının arasında isə aşırı millətçilik, o cümlədən antisemitizm çox yayğın idi. Oğlu Səməd Ağaoğlunun yazdığına görə, imtahan zamanı onu yəhidi sayan bir müəllimin qərəzli münasibəti nəticəsində imtahandan kəsilir. Bu haqsız münasibətdən qəzəblənən protest ruhlu gənc Əhməd bəy Ağayev ali təhsil almaq üçün az miqdarda vəsaitlə 1888-ci ilin yanvarında Parisə yola düşür.

Bir müddət fransızca öyrənəndən sonra Sorbon Universitetinin Şərq dilləri fakültəsində mühazirələrə girir, daha sonra eyni zamanda hüquq fakültəsində oxuyur. Bu zaman Fransa 1870-71-ci illər savaşındakı uğursuzluğun travmasını yaşamaqda idi. İtirilmiş torpaqlar və zədələnmiş  qürur hissi toplumda, ilk növbədə aydın kəsimdə güclü revanşist millətçilik doğurmuşdu. Əhməd Ağayevin dərslərinə ciddiyyətlə yanaşması və fövqəladə istedadı professorlarının da diqqətini çəkmiş, Parisin aydın salonlarına onun yol tapmasına nədən olmuşdu. Əhməd Ağayev (Ağaoğlu) haqqında maraqlı araşdırma aparmış A. Holly Shisslerin təsbitinə görə, gənc tələbəyə Paris həyatında fransızlardan ən çox üç şəxs – onun fars dili və tarixi professoru James Darmesteter, “La Nouvelle Revue” dərgisinin redaktoru Juliette Adam, məşhur filosof və tədqiqatçı Ernest Renan təsir etmişdir. Xüsusən Ernest Renanın dinlər tarixi haqqında yazdığı əsərlər gənc Əhməd bəyin diqqətini çəkmiş, onun protest ruhunu qıcıqlandırmışdır. Renan yazdığı çoxsaylı əsərlərində dinlər tarixində sami (ərəblər və yəhudilər) və ari (hind-avropalılar) irqlərinin rolunu qarşılaşdırmış, birincilərin din tarixinə töhfələrini sərt dillə tənqid etmişdir. Renana görə, İslam tərəqqinin qarşısını alan, inkişafa yer qoymayan bir dindir. Renanın dinlər tarixi və onun  toplum həyatında rolu haqqında əsas tezislərini təqdir edən Əhməd bəy, İslamı müdafiə etmək üçün farsların hind-avropalı olması və şiəliyin farslar üçün milli din xarakteri daşımasını çıxış nöqtəsi olaraq qəbul edir. Onu da nəzərə alır ki, bu zaman Avropada, xüsusilə Fransada fars tarixi və mədəniyyətinə xüsusi rəğbət vardı. Gənc tədqiqatçı ortodoks İslamdan fərqli olaraq şiəliyin inkişafa meylli, yalnız farslara xas məzhəb, hətta din olduğu tezisini müdafiə edir.  Bu tezislərin müdafiəsi məqsədilə “La Société persane” (“Fars toplumu”) ümumi başlıqlı, yeddi bölümdən ibarət məqalələrini “La Nouvelle Revue” dərgisinin 1891-ci il saylarında dərc etdirir. Növbəti il başqa bir dərgidə “Confession du derviche” (“Dərvişin tövbəsi”) adlı məqalə çap etdirir. 1892-ci ildə isə Şərqşünasların XIX Beynəlxalq Konqresində şiəliyin məzdəkçi kökləri haqqında məruzə edir. Bu məruzənin mətninin çapına qərar verilir.

Sorbon Universitetində təhsil aldığı dövrdə Əhməd bəy Yaxın Şərq haqqında çap edilmiş iki kitaba  rəy yazır, bundan əlavə, Tiflisdə çıxan rusdilli “Kavkaz” qəzetinə məqalələr göndərir.

Altı ildən sonra Sorbon Universitetinin Şərq dilləri və hüquq diplomları ilə vətənə dönən Əhməd bəy yolüstü dörd ay İstanbulda qalır. Burada Osmanlının bir sıra görkəmli aydınları və dövlət adamları ilə görüşür. İstanbulda olan Şeyx Cəmaləddin Əfqani ilə yenidən bir araya gəlir, siyasi-ideoloji məsələləri müzakirə edir. Keçmiş dostu Əli bəy Hüseynzadə onu İttihad və Tərəqqi Komitəsinin liderləri ilə tanış edir. Bu görüşlər və uzun müzakirələr onun dünyagörüşünün dəyişməsində mühüm rol oynayır.

Bir müddət Tiflis gimnaziyasında müəllim işləyib, yerli qəzetlərlə əməkdaşlıq etdikdən sonra “Məşriğ” (Şərq) adlı türkcə bir qəzet çıxarmaq üçün müraciət edir. Hakimiyyət rədd cavabı verir, çünki “o vaxt hökumət rus ünsüründən bulunmayan müsəlmanlara böylə bir vasitəyə izn verməyə müsaidə etmirdi”. Bu arada “İslama görə və İslam aləmində qadın”“İslam və axund” əsərlərini yazır. Bu əsərlərin əsas mövzuları İslamda islahat aparmaq gərəkliyi, onu savadsız mollaların inhisarından qurtarmaq və günün tələblərinə uyğunlaşdırmaq, sünni-şiə ixtilaflarına son qoymaq, qadına layiq olduğu yeri vermək, eləcə də əlifba məsələləridir. Bu dövrdə Əhməd bəy şiəliyi artıq birtərəfli vəsf etmir, fars kültürünü digər etnik kültürlərdən üstün saymır. Hətta hesab edir ki, “Türk qadınını aşağılayaraq Türk həyatiyyət və mədəniyyətinin gəlişməsi və iləriləməsinə əngəl olan qüvvə o köhnə və çürük İran mədəniyyətidir”.Əhməd Ağaoğlunun tədqiqatçısı A. Holly Shissler də bu dövrdə onun “kimlik problemi”ndə dəyişiklik olduğunu təsbit etmişdir.

Bu arada milli aydın kəsimini bir yerdə tuta bilən əsas mərkəz 1898-ci ildən sonra Əlimərdan bəy Topçubaşovun (bəzən qısa müddətdə Həsən bəy Zərdabinin) redaktəsi ilə çıxmağa başlayan “Kaspi” qəzeti idi. Rusca çıxmasına baxmayaraq, yeni redaktorun gəlməsindən sonra bu qəzet yerli məsələlərə, milli həyatın müxtəlif sahələrinə aid yazılar çap etməyə başladı. Məhz buna görə o, milli mətbuat orqanı kimi qəbul edilir. Yazı müəlliflərinin çoxu da Azərbaycanın artıq tanınmış ictimai xadimlərinə çevrilmiş şəxslərdi. Müəlliflər sırasında Həsən bəy Zərdabidən tutmuş onlarca gənc qələm sahibi də vardı.

Qəzetin 1898-ci ildən sonrakı dövründə əsas müəllifi Əhməd bəy Ağayevdi. O, tez-tez ən müxtəlif mövzularda – İslam tarixi, siyasi-ideoloji məsələlərlə bağlı, milli və beynəlxalq həyatın çeşidli yönləri, beynəlxalq siyasət haqqında onlarca məqalə dərc etdirmişdir.

Birinci dünya savaşının gətirdiyi yeni şərtlərdə Əhməd bəy Ağaoğlu daha çox siyasi işlərlə məşğul olur. Yusuf Akçura, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimlə birlikdə İstanbulda “Rusiyada Sakin Müsəlman Türk-Tatarların Haqlarını Müdafiə Cəmiyyəti” adlı təşkilat qurub Avropa ölkələrində görüşlər keçirir, konfranslar və yazıları ilə Avropanın diqqətini Rusiyadakı türklərin məzlum vəziyyətinə çəkməyə çalışır, ABŞ prezidenti Vilson’a xüsusi müraciət göndərir.

İstiqlalını elan etmiş, amma fiziki varlığı təhlükə altında qalan Azərbaycanı qurtarmaq üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri olaraq Əhməd bəy Ağaoğlu mühüm rol oynamışdır. Məlum 17 iyun siyasi böhranı zamanı o müasir ifadə ilə böhran idarəçiliyi konseptindən çıxış edərək ilk öncə təhlükəsizlik məsələlərində israrlı olmuş, Bakının azad olmasından sonra dövlət quruculuğu işində fəal iştirak etmiş, Azərbaycan Parlamentinə üzv seçilmişdir. O, iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın Parlamentlərinə eyni vaxtda üzv olmuş yeganə şəxsdir.  Osmanlının savaşdan məğlub çıxması yalnız özü üçün deyil, bütün türk dünyası üçün, bu sıradan Azərbaycan üçün fəlakətlər gətirdi. Azərbaycanın Paris Sülh konfransına göndərdiyi nümayəndə heyətinə üzv təyin edilən Əhməd bəy Ağaoğlunu İstanbulda həbs edən ingilis komandanlığı onu Osmanlının irəlidə gedən insanları ilə birlikdə Maltaya sürgünə göndərdi. Zindan həyatının məşəqqətli və sərgüzəştli detalları üzərində dayanmadan yalnız onu deyək ki, ömrü boyu yazıb-yaradan Əhməd bəy burada özünün ən qiymətli nəzəri əsərlərindən birini – “Üç mədəniyyət”i yazmışdır.

1921-ci ilin mayında Malta zindanından azad olunmuş Əhməd bəy Ağaoğlu Sovet Azərbaycanında çalışmaq istəmiş, bu məqsədlə Romadan Nəriman Nərimanova məktub yazmışdır. Nərimanovdan müsbət cavab almasına baxmayaraq “Sovet fikir sisteminə qatılmadığı, türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğunu düşündüyü, onu Malta əsarətindən qurtarmış Ankara qarşısında namus borcu olması” səbəbindən üzünü Ankaraya tutmuş, Milli Mücadilə Hərəkatında həssas vəzifələr tutmuşdur. Mətbuat baş müdiri təyin edilən Əhməd bəy Milli Hökumətin təbliğat işini qurmağa başlayır, “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir,Anadolu Ajansı’nı yaradır və onun ilk baş direktoru olur. Eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur, Qarsdan millət vəkili seçilir. Yeni Türkiyənin qurulmasında yaxından iştirak edən Əhməd Ağaoğlu doğru bildiyini qələmə alır, qələmə aldığı ideyaların gerçəkləşməsi üçün yorulmadan çalışır. Siyasi konyuktura uymur, prinsip və fikirlərindən geri çəkilmir. Bu barışmaz mövqe ona sonsuz dostlar qazandırdığı kimi, qüdrətli düşmənlər də yaradır. Bu düşmənlər arasında “ikinci adam” kimi tanınmış İsmət İnönü də vardı. Ölkəni təkpartiyalı idarəçilik sistemindən qurtarmaq üçün ikinci partiya – Sərbəst Firqə yaratmaq təşəbbüsündə əqidə dostları ilə birlikdə Əhməd Ağaoğlu da yer alır. Yazılarında və siyasi fəaliyyətində təkpartiyalı idarəçilik rejiminin demokratiya ilə uyuşmadığı tezisini müdafiə edir. Bu təşəbbüs boğulduqdan sonra prinsiplərindən vaz keçməyən Əhməd Ağaoğlu qəzetçilik və müəllimlik fəaliyyətinə qayıdır.

1930-cu illər də onun həyatında məhsuldar dövrlərdən biridir; bu zaman o, onlarca məqalə, kitab və dərslik yazır. Yazdığı əsərlərin bəzilərinin çapına həyatda ikən macal tapmır, ölümündən (1939-cu ilin mayı) sonra onlar işıq üzü görür. Bəziləri bu gün belə çap edilməmişdir.

70 illik mənalı və məhsuldar həyatı boyu Əhməd bəy Ağaoğlu mənsub olduğu milləti üçün çalışmış, özündən sonra böyük miras qoymuşdur. Özünün ifadəsi ilə desək, “həyatı boyu yazdığı məqalələrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər”. Azərbaycan, daha sonra Türkiyə siyasi həyatında görkəmli türkçü və demokrat olaraq qəbul edilən Əhməd Ağaoğlu, həm də örnək şəxsiyyət olmuşdur. İqtidarlar (yad, ya doğma) onu əyə bilməmiş, onu mübarizə yolundan sapdıra bilməmişdir.  Bu mirasın sahibləri – soydaşları ona hələ də borcludurlar. Bu borcu onun külliyyatını toplayıb nəşr etmək və xidmətləri qarşılığında adını əbədiləşdirməklə ödəmək olar.

Mənbə: http://www.gunaz.tv/?id=4&vmode=1&sID=2573&lang=1

Əhməd Ağaoğlu – İran və inqilabı (YÜKLƏ)

Əhməd Ağaoğlu – Sərbəst insanlar ölkəsində (YÜKLƏ)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s